Azərbaycanın iki nüfuzlu biznes subyekti olan “Avrora Qrup” və Veysəloğlu Şirkətlər Qrupu artıq Milli Aviasiya Akademiyasının qadınlardan ibarət voleybol klubunun ortaq sahibləri kimi fəaliyyət göstərəcəklər.
Bu şirkətlərin rəhbərləri – Ceyhun Abbasov və Aydın Talıbov, Milli Aviasiya Akademiyasında keçirilən görüşdə komandanın idarəetmə heyəti, baş məşqçi və oyunçularla yanaşı, məşq şəraiti ilə də tanış olublar.
Klubun prezidenti Vüqar Məmmədov iş adamlarına komandanın cari durumu və gələcək inkişaf planları haqqında məlumat verib. Belə qeyd olunub ki, komandanı italiyalı məşqçi Ciovanni Toriçionu çalışdıracaq. Baş məşqçi, legionerlərlə birlikdə yerli idmançıların da komandada təmsil olunduqlarını vurğulayaraq, yaradılan şəraitdən məmnunluğunu bildirib və yaxşı nəticələr əldə edəcəklərinə olan əminliyini ifadə edib.
“Avrora Qrupun” rəhbəri Ceyhun Abbasov komandaya veriləcək dəstəyi təsdiqləyərək əyalətlərdən oyunçuların cəlbinin əhəmiyyətini vurğulayıb.
Veysəloğlu Şirkətlər Qrupunun rəhbəri Aydın Talıbov bu dəstəyin məqsədinə toxunaraq, ölkədə milli voleybolun inkişafına töhfə vermək və yerli voleybolçuların sayını artırmaq istədiklərini qeyd edib.
Tədbirin sonunda iş adamları komandanın kollektivi ilə xatirə şəkilləri çəkdiriblər.

